Qulamrza Səbri Təbrizi
Qulamrza Hacı Məhəmmədəli oğlu Səbri Təbrizi (21 mart 1934, Təbriz – 8 may 2020, Bakı) — Azərbaycan əsilli şair, filosof, ədəbiyyatşünas və tərcüməçi, fəlsəfə elmləri doktoru (1969), professor (1994), Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü.
Qulamrza Səbri Təbrizi 1934-cü il martın 21-də İranın Təbriz şəhərinin Şəkili məhəlləsində anadan olmuşdur. Atası Hacı Məhəmmədəli xalça fabrikinin sahibi idi. Burada 1940-1944-cü illərdə ibtidai dini məktəbi, sonra 1944-1953-cü illərdə Məhəmmədiyyə, Nizami və Firdovsi mədrəsələrini bitirmişdir. O, 1953-1958-ci illərdə Təbriz Universitetinin Fars, ingilis dili və pedaqogika fakültəsində təhsilini davam etdirmişdir.
Qulamrza Səbri Təbrizi tələbəlik illərində orta məktəblərdə müəllim kimi fəaliyyət göstərməklə yanaşı, 1956-1958-ci illərdə Amerikanın İrandakı hərbi idarəsində tərcüməçi olaraq çalışmışdır. 1958-ci ildə İstanbul şəhərində Bayazid Universitetinin İngilis dili və ədəbiyyatı fakültəsində magistr qəbul olmuş, lakin ölkədəki mürəkkəb durumla bağlı təhsilini yarımçıq qoyub Təbrizə qayıtmışdır. Daha sonra 1959-1963-cü illərdə isə London Universitetinin Kinqs kollecində magistr təhsili almışdır.
Qulamrza Səbri Təbrizi 1960-1963-cü illərdə London BBC radiostansiyasında Şərq və Orta Asiya üzrə ədəbi və siyasi icmalçı, həm də "Nəzər saatı"nın aparıcısı kimi fəaliyyət göstərmişdir. Təbrizi 1963-1969-cı illərdə Edinburq Universitetinin İngilis dili və Ədəbiyyatı Departamentinə doktoranturaya daxil olmuş, "Vilyam Bleykin dialektik fikirləri" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək fəlsəfə elmləri doktoru elmi dərəcəsi almışdır.